Our Services
Resurslar
1. Prioritetlər və yol xəritələri
Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında ESG prinsiplərinin icrası istiqamətində bir sıra təşəbbüslər mövcuddur.
Qeyd olunan məsələlər aşağıdakı kimi təsvir olunub.
- İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi
Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payının davamlı artımı nəzərdə tutulur. - “Yaşıl artım ölkəsi” üzrə strateji çərçivənin tətbiqi
Təbii resurslardan dayanıqlı və davamlı istifadənin təmin olunması istiqamətində tullantıların səmərəli istifadə olunması sistemi inkişaf etdiriləcək, hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemi müasirləşdiriləcək, biomüxtəlifliyin qorunması istiqamətində real addımlar atılacaq və yaşıllıqların mühafizəsi gücləndiriləcəkdir. Nəticədə, ölkə üzrə ümumi ərazidə yaşıllığın payının 12%-dən 12,3%-ə çatdırılması, istifadəyə yararsız torpaq sahələrinin payının 25%-dən 15%-dək azalması, əhalinin içməli su ilə təminatının 70%-dən 85%-ə və suvarma suyu ilə təminatının 80% dən 90%-ə çatması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində “Təmiz ətraf mühit” və “yaşıl artım” ölkəsi” prioriteti müəyyənləşdirilib.
Bu prioritetə əsasən ölkənin iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026” (Yol xəritəsi) çərçivəsində ESG prinsiplərinin tətbiqi və maliyyə bazarlarının dayanıqlı maliyyəyə tranformasiyası üzrə tədbirlər öz əksini tapıb.
Belə tədbirlərə aşağıdakılar daxildir:
- Maliyyə institutlarının dayanıqlı maliyyə üzrə məlumatlılığın və potensialının artırılması istiqamətində işlər aparılmaqdadır.
- AMB-nin İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli qərarı ilə “Banklarda korporativ idarəetmə Standartları”-na ESG prinsipləri inteqrasiya edilib. Bununla, banklar uzunmüddətli dövr üzrə dayanıqlığını təmin etmək məqsədilə biznes strategiyasında fəaliyyətinə əhəmiyyətli təsiri olan və ya ola biləcək ESG amillərini və risklərin qiymətləndirilməsi prosesində ESG amillərini ehtiva edən maliyyə və qeyrimaliyyə risklərini də nəzərə almalıdır.
- İqlim dəyişikliyi və ekoloji risklər üzrə qiymətləndirmənin aparılması məqsədilə maliyyə institutlarının (bankların, sığorta şirkətlərinin və investisiya şirkətlərinin) dayanıqlı maliyyə üzrə məlumatlığı və ESG amilləri üzrə ilkin indikativ məlumatlar toplanmışdır. Sorğu nəticələrinə əsasən maliyyə institutları ESG risklərinin təsirlərinin qısa müddətli dövrdə aşağı olacağını, orta və uzunmüddətli dövrdə təsirlərin orta və yüksək riskli zonaya tədrici miqrasiya edəcəyini gözləyir. Eyni zamanda, sorğu nəticələri maliyyə institutlarında ESG risklərinin onların fəaliyyətinə təsirinin qiymətləndirilməsinə, habelə dayanıqlı maliyyə prinsiplərinə müvafiq layihələrin həyata keçirilməsinə başlandığını göstərir. Belə tədbirlərə günəş panellərinin qurulması və hibrid avtomobillərin əldə edilməsinin kreditləşdirilməsi və bütövlükdə, ESİ prinsiplərinin kredit qərarlarının qəbul edilməsi prosesində nəzərə alınması aid edilə bilər. Sorğu nəticələri Mərkəzi Bankən rəsmi internet səhifəsində açıqlanacaq.
- Yol xəritəsinin icrasının aidiyyəti tərəflərlə uzlaşdırılması, habelə dayanıqlı maliyyə taksonomiyasının hazırlanması işlərinin koordinasiyası məqsədilə aidiyyəti dövlət qurumlar, maliyyə institutları cəlb edilməklə Ekspert qrupu formalaşdırılıb.
- Yaşıl istiqrazlar üzrə hüquqi çərçivənin formalaşdırılması işləri davam etdirilir.
2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası
Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi daşıyır.
2. ESG ilə bağlı təşviq və güzəştlər
- İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvar ayının 1-dən etibarən 3 il müddətinə ƏDV-dən azad edilib.
- Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz Vergi Məcəlləsinin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.
- Vergi Məcəlləsinin 164.1.39-cu maddəsinə əsasən sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən 5 il müddətinə, 164.1.41-ci maddəyə əsasən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı, 164.1.41-1-ci maddəyə əsasən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, eləcə də 164.1.41-2-ci maddəyə əsasən isə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.
- “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli 411 saylı Qərarı ilə zavod buraxılış tarixindən 3 ilədək ötmüş yalnız elektrik mühərrikli minik avtomobillərinin mövcud 15% idxal rüsumu 0%-a, həmçinin elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları üzrə idxal rüsum dərəcəsi də 5%-dən 0%-ə endirilib.
- Karbon emissiyalarının ölkə ərazisində miqdarının azaldılması və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması məqsədilə 2022-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərlə Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz Vergi Məcəlləsinin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanması ilə bağlı müddəalar əlavə edilib.
- Nazirlər Kabinetinin 29.03.2023-cü il tarixli 94 nömrəli Qərarı ilə zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.
- Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 dekabr tarixli 1913 nömrəli Fərmanı ilə təsdiq edilmiş investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrinin siyahısında bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı nəzərdə tutulub.
- Vergi Məcəlləsinə əsasən investisiya təşviqi sənədini almış sahibkarlar həmin sənədi aldığı tarixdən müvafiq layihə üzrə 7 il müddətinə mənfəətin (gəlirin) 50 faizi həcmində mənfəət (gəlir) vergisindən, tam həcmdə əmlak və torpaq vergisi və idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
- Əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirlər də fiziki şəxslərin gəlir vergisindən azad edilib.
- “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanununda Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ təsbit edilib. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir. İş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün uyğunlaşdırılması təmin edilməlidir.
- “Məşğulluq haqqında” Qanunla müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Bu kvota sosial müdafiəyə xüsusi ehtiyac olan işaxtaran və işsiz şəxslərin işlə təminatı üçün işəgötürənlər üzərində tətbiq edilən iş yerləridir. Həmin şəxslərin sırasına əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, keçmiş məcburi köçkünlər daxildir.
- “Əmək Məcəlləsi”nə görə, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
- Əmək müqaviləsi bağlanılarkən yaşı 18-dən az olan şəxslərə, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə və digər kateqoriyalara sınaq müddəti müəyyən edilmir.
- Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, yaşı 18-dən az olan işçilər və digər bir sıra kateqoriyalardan olan işçilərin attestasiyası keçirilmir.
- Məzuniyyət zamanı da bir sıra kateqoriyalardan olan işçilər üçün güzəştlər tətbiq olunur. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
- Mikro, kiçik və orta sahibkarlar KOB klaster yaratmaqla bir sıra vergi güzəştləri əldə edə bilərlər.
- KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.
- Sənaye parklarının rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 10 il müddətinə gömrük rüsumlarından, mənfəət, torpaq və əmlak vergisindən azad olunurlar.
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (maddə 164.1.16.) uyğun olaraq, sənaye parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye parklarının rezidentləri tərəfindən müvafiq təsdiqedici sənəd əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı rezidentin sənaye parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə ƏDV-dən azad edilir.
- Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanununa (maddə 20.0.19.) uyğun olaraq, sənaye parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye parklarının rezidentləri tərəfindən müvafiq təsdiqedici sənəd əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı rezidentin sənaye parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə gömrük rüsumlarından azad edilir.
- Vergi Məcəlləsinə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə - gəlir (mənfəət), əmlak və torpaq vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Adıçəkilən şəxslərə vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.
- Vergi Məcəlləsinə əsasən, Sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 01.01.2023-cü il tarixdən 3 il müddətinə 8000 manatadək aylıq gəlir olduqda 0 faiz, 8000 manatdan artıq gəlirlərə münasibətdə 5 faiz və 01.01.2026-cı il tarixdən 7 il müddətinə aylıq gəlirin 5 faizi məbləğində tutulacaq.
- “Sosial sığorta haqqında” qanuna əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il yanvarın 1-dən 10 il müddətinə məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərə isə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı, öz seçimlərindən asılı olaraq, minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlər üzrə qüvvədə olan Qanunda göstərilən qaydada (14.3-cü və 14.4-cü maddələrə) ödənilməsi müəyyən edilib.
3. ESG ilə bağlı təlimatlar və portallar
- UN Global Compact
Birləşmiş Millətlər Təşkilatının bu təşəbbüsü biznesləri ESG prinsiplərinə uyğun fəaliyyət göstərməyə dəvət edir və onlara davamlılıq məqsədlərinə nail olmaq üçün müxtəlif təlimatlar təqdim edir. - B Lab
B Corp sertifikatlaşdırması ilə tanınan B Lab, bizneslərə ESG uyğun fəaliyyət göstərməyə yardım edir və onları sosial və ətraf mühit təsirlərinə görə qiymətləndirir. - CDP (Carbon Disclosure Project)
CDP iqlim dəyişikliyi, su və meşələrin mühafizəsi ilə bağlı məlumatların toplanması və açıqlanması üçün qlobal bir platformadır. - Lythouse
ESG ilə bağlı konsaltinq xidmətləri ilə tanınan “Lythouse”un internet platformasında şirkətlər üçün ESG ilə bağlı hesabatların hazırlanması, məlumatların toplanması üçün nümunələr və tövsiyələr mövcuddur. - Task Force on Climate-related Financial Disclosures (TCFD)
İqlim risklərinin maliyyə təsirini açıqlamaq üçün geniş istifadə olunan çərçivə və tövsiyələr təqdim edir. İqlim dəyişikliklərinin bizneslərə maliyyə təsirlərini dəyərləndirmək üçün təlimatlar bu platformada mövcuddur. - The Sustainability Consortium (TSC)
ESG üzrə məhsul və tədarük zəncirinə dair dayanıqlıq standartları və təlimatlar hazırlayır. TSC-də ESG standartları ilə bağlı müxtəlif resurslar, eləcə də davamlılıq üçün praktiki yanaşmalar mövcuddur. - Principles for Responsible Investment (PRI)
ESG prinsiplərinə uyğun investisiya təlimatları təqdim edir və investorlara uyğun ESG strategiyaları hazırlamaqda kömək edir. PRİ-də ESG investisiyalarına dair təlimat və hesabat nümunələri ilə tanış olmaq mümkündür. - World Resources Institute (WRI)
İqlim, enerji, su resursları və digər ESG mövzularında təlimatlar və məlumatlar təqdim edir. WRI-də ESG üzrə resursları optimallaşdırmaq və təhlil etmək üçün hesabatlar və təlimatlar mövcuddur.
4. ESG üzrə forumlar və konfranslar
- ESG Global Forum
ESG sahəsindəki ən son inkişafları, tendensiyaları müzakirə etmək üçün qlobal tədbirlər və forumlar qeyd olunub. - Sustainability Week by The Economist
ESG, dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət ilə əlaqəli beynəlxalq tədbir və müzakirələr qeyd olunub. - Baku Energy Forum
Bərpa olunan enerji mənbələri, enerji sektorunda karbon izinin azaldılması, təmiz enerji texnologiyaları və bu texnologiyaların ESG aspektləri kimi məsələlər müzakirə olunur. - PRI (Principles for Responsible Investment) Annual Conference
İnvestisiya qərarlarında ESG risklərinin qiymətləndirilməsi, maliyyə dayanıqlığı, iqlim dəyişikliyi və korporativ sosial məsuliyyət məsələləri müzakirə olunur. - Greenbuild International Conference and Expo
ESG-nin inşaat sektorunda tətbiqi, ekoloji binaların qurulması, enerji səmərəliliyi, və tullantıların idarə olunması məsələləri müzakirə olunur.